DÖVLƏT İMTAHAN MƏRKƏZİ
2018/2019-cu TƏDRİS İLİ ÜÇÜN
AZƏRBAYCAN RESPUBLİKASININ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN
VƏ AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
MAGİSTRATURALARINA QƏBUL ELAN EDİR

 


1. Bakalavrların və digər ali təhsilli şəxslərin Azər­bay­can Respublikasının müvafiq qanunvericiliyinə uyğun fəaliyyət göstərən dövlət, bələdiyyə və özəl ali təhsil müəs­sisələrinin və Azərbaycan Milli Elmlər Akademiya­sının (bundan sonra – elmi təşkilatın) magistraturalarına qəbulu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları” (bundan sonra – Qaydalar) ilə tənzimlənir.

2. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magis­tra­turalarına qəbul olmaq hüququna bakalavrlar və digər ali təhsilli şəxslər (bundan sonra – bakalavrlar) malikdirlər.

3. Magistraturaya qəbul "Təhsil haqqında" Azərbay­can Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bakalavrların cari tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.

İmtahanların məzmunu, forması, aparılma texnolo­giyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahanların məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azər­baycan Respub­likası­nın Təhsil Nazirliyi (bundan sonra − Təhsil Nazir­liyi) ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

Bakalavrın bitirdiyi ixtisasdan asılı olaraq imtahan aparılan ixtisas fənləri ali təhsil müəssisələrinin və elmi təşkilatın təklifləri əsasında Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.

4. Magistraturada təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

5. Dövlət ali təhsilin magistratura səviyyəsində qanunvericiliyə uyğun olaraq, təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

6. Ali təhsil müəssisələrində və ya elmi təşkilatda təhsil alan magistrantlar (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) magistraturaya qəbul üçün müsabiqədə iştirak edə bilməzlər.

7. Müsabiqədə iştirak ödənişlidir.

8. Qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2018-ci il fevralın 2-dən 12-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (bax: “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası) ərizə vermək üçün tələb olunan məbləği “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün təqdim olunan ödəniş üsullarından (bax: payment.dim.gov.az internet səhifəsinə) istifadə etməklə 16 rəqəmli ödəniş kodu əldə edilməlidir.

Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və paro­lundan istifadə etməklə 2018-ci il fevralın 2-dən 12‑dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir (etdirir). (Ətraflı mə­lumat jurnalın 6 – 8‑ci səhifələrində və http://eservices.dim.gov.az/erizemag/erize internet səhifəsindəki aktual keçidlərdə verilmişdir.)

8.1. Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar qəbul imtahanında iştirak etmək üçün 2018-ci il fevralın 2-dən 12-dək Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər.

8.2. Digər bakalavrlar həmin müddət ərzində aşağıdakı sənədlərin əslini Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına (bundan sonra – SQK) şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:

– Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını, vətəndaşlığı olmayan şəxslər yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və icazə vəsiqələrini, Azərbaycan Respublika­sında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;

–   ali təhsil haqqında sənədi və ona əlavəni;

– xarici ölkələrdə ali təhsil almış şəxslər Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri.

Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.

9. Magistraturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir (bax: Cədvəl 1):

-    bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı;

-    ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı.

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

9.1. İmtahanın birinci mərhələsi 2018-ci il fevralın 25‑də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlə­dən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.

9.2. Birinci mərhələdə bakalavrların imtahan verəcəyi xarici dil aşağıdakı qaydalar nəzərə alınmaqla bakalavr tərəfindən müəyyən edilir və “Bakalavrın elektron ərizəsi”nə daxil edilir:

-    tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman, fransız və ya rus dilini seçə bilərlər;

-    tədrisi rus dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ingilis, alman və ya fransız dilini seçə bilərlər;

-    tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis (alman) dilini seçməlidirlər;

-    filologiya ixtisasının Azərbaycan dili və Azərbaycan ədəbiyyatı, habelə tarix ixtisasının tədrisi Azərbaycan dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi ərəb və ya fars dilini də seçə bilərlər;

-    filologiya (xarici dil və ədəbiyyat), xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları üzrə ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər;

-    regionşünaslıq (Amerikaşünaslıq), regionşünaslıq (ABŞ və Kanada üzrə), ölkəşünaslıq (Böyük Britaniyaşünaslıq) ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini, ölkəşünaslıq (Almaniyaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar yalnız alman dilini, ölkəşünaslıq (Fransaşünaslıq) ixtisaslaşmasına qəbul olmaq istəyən bakalavrlar isə yalnız fransız dilini seçməlidirlər.

9.3. Tədrisi ingilis (alman) dilində olan ixtisas­laş­maların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhə­ləsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olma­malıdır.

10. Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini (bax: Cədvəl 2) ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisas­­laş­ma seçimi cədvəli” və qəbul proqramları “Magistr” jurnalının 2018-ci il tarixli 3-cü sayında veriləcəkdir).

10.1. Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər.

10.2. “ADA” Universitetinin, Moskva Dövlət Uni­versi­tetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magis­traturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən, qəbul imtahanının birinci mərhələsi üzrə nəticələri Mərkəz tərəfindən müəyyən olunan müsabiqə şərtlərini (bax: Cədvəl 2), həmçinin Akademiya tərəfindən qoyulan ingilis dili üzrə tələbləri ödəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.

10.3. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar 2018-ci il aprelin 20-dən 30-dək Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, 2018-ci il mayın 4-dən 6-dək "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və 2018-ci il mayın 7-dən 11-dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar jurnalistika üzrə qabiliyyət imtahanına gələrkən özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

–   şəxsiyyətini təsdiq edən sənədi;

–   “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

–   dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika janrları  üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda);

–   təqdim edilən materialların və çıxışların müəllifə məxsus olması ilə bağlı KİV-in məsul işçisi tərəfindən imzalanmış və təşkilatın möhürü ilə təsdiqlənmiş arayışı.

Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.

Qabiliyyət imtahanı haqqında ətraflı məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 3-cü sayında dərc ediləcək.

10.4. İmtahanın ikinci mərhələsi 3 iyun 2018-ci il tarixində keçiriləcəkdir. Bu mərhələdə bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaqdır.

Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test imtahanının əvəzinə yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən və imtahanın 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2018-ci il mayın 7-dən 17-dək keçiriləcək proqram seçimi zamanı Mərkəzin internet saytında müvafiq proqramları seçməlidirlər. Bakalavrlar bitirdikləri bakalavr ixtisasından asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər. Nəzəri ixtisaslaşmaları seçən bakalavrlar 2018-ci il iyunun 3-də magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı və ya yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasını seçən bakalavrlar isə 4 – 5 iyun 2018-ci il tarixində qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edib götürməli və 2018-ci il iyunun 6-dan 8-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər (“Magistr” jurnalının 2018-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə ətraflı məlumat veriləcəkdir).

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyətini təsdiq edən sənədi;

“Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni;

musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər həmçinin musiqi ixtisaslaşmaları üzrə doldurulmuş proqram formasını.

10.5. Yazı işləri və qabiliyyət imtahanının nəticəsi 50 ballıq şkala üzrə qiymətləndirilir.

10.6. İmtahan suallarının cavablandırılmasına imta­hanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

10.7. Qəbul imtahanında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

10.8. Qəbul imtahanının birinci mərhələsi Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhər­lərində, ikinci mərhələsi isə Bakı, Naxçıvan və Gəncə şəhər­lərində keçirilir.

Bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın faktiki yaşadığı məntəqəyə görə (bax: səh. 8 ‑ 9) təyin edilir.

10.9. Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrıca imtahana buraxılış və­rəqəsi olmalıdır. İmtahanın birinci mərhə­ləsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar 2018-ci il fevralın 21-dən etibarən birinci mərhələ üçün, ikinci mərhələyə buraxılanlar isə 2018-ci il mayın 30-dan etibarən ikinci mərhələ üçün "Baka­lavrın imtahana buraxılış və­rəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhi­fəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış və­rəqəsini (hər mərhələ üçün ayrıña) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətir­məlidirlər.

11. Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır. İxtisaslaşma seçiminə ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanından və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladıqları ballar da Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilən müsabiqə şərtlərinə (bax: Cədvəl 2) uyğun olan bakalavrlar buraxılırlar.

11.1. 2018-ci il iyunun 8-dən 18-dək bakalavr bitirdiyi ixtisasa müvafiq və istəyinə uyğun olan 20-dək ixtisaslaşmanın kodunu seçərək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir (qəbul aparılan ixtisaslaşmalar və onlara ayrılan yerlərin proq­ramlar üzrə siyahısı “Magistr” jurnalının 2018-ci il tarixli 4-cü sayında veriləcəkdir).

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların imtahanın birinci mərhələsində ingilis (alman) dili üzrə topladıqları ballar Mərkəz tərəfindən tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmalar üçün müəyyən edilən müsabiqə şərtinə uyğun olmalıdır.

11.2. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.

11.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilik­də və dövlətlərarası razılaş­malar­da digər hallar nəzərdə tutul­mayıbsa, yalnız təhsili ödə­niş­li əsaslarla həyata keçirilən ixtisaslaşmaları seçməlidirlər.

11.4. Elmi təşkilat üzrə magistratura səviyyəsinin ixtisaslaşmalarına qəbul olmaq istəyən və 2018-ci ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək, müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçimi etməzdən əvvəl 2018-ci il iyunun 7-dən 10-dək Mərkəzin internet saytında qeydiyyatdan keçməli və 2018-ci il iyunun 12-dən 14-dək elmi təşkilatda müsahibədən keçməlidirlər. Yalnız müsahibədən “məqbul” alan bakalavrlar ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilərlər.

Elmi təşkilatın magistraturasına qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında əlavə məlumat veriləcək.

11.5. Ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisasları üzrə magistratura ixtisaslaşmalarını yalnız Mərkəzin internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahan verərək ikinci mərhələnin müsabiqə şərtini ödəyən bakalavrlar, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarını isə yalnız Mərkəzin internet saytında qeydiyyatdan keçən, qabiliyyət imtahanında iştirak edən və “məqbul” qiymət alan, bundan əlavə, imtahanın ikinci mərhələsində 44 saylı proqram üzrə imtahan verərək həmin mərhələnin də müsabiqə şərtini ödəyən bakalavrlar seçə bilərlər.

11.6. Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı, dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Se­çilmiş ixtisaslaşmaların ərizə for­ma­sında göstərilən ardı­cıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yer­ləş­dirilir.

11.7. Ümumi balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

11.7.1. ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

11.7.2. ixtisas üzrə biliyin qiymətləndirilməsi imtahanından toplanılan bal;

11.7.3. ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;

11.7.4. xarici dil üzrə testdən toplanılan bal.

11.8. Ümumi balı eyni olan iki və daha çox bakalavrı bir-birindən fərqləndirmək mümkün olmadıqda, onların hamısı müvafiq ixtisaslaşmaya yerləşdirilir.

11.9. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, bakalavrlar tərəfindən yuxarıda göstərilən qaydada ixtisaslaşma seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

12. Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisaslaşmaya yerləşdirilmiş bakalavr tələb olunan sənədləri Mərkəz tərəfindən müəyyən edilən 10 günədək müddətdə qəbul olduğu təhsil müəssisəsinə (elmi təşkilata) təqdim etməklə qeydiyyatdan keçməlidir. Bakalavrın bu müddətdə təhsil müəssisəsində (elmi təşkilatda) qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu bakalavrların boş qalan yerlər üzrə keçirilən müsabiqədə iştirak etmələrinə icazə verilmir.

13. Ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

Bakalavr Apelyasiya Komissiyasına şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir.

Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

14. Bakalavrın aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

14.1. saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək;

14.2. imtahana mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək;

14.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

14.4. imtahanın başlanması elan olunan andan 1,5 saat (birinci mərhələdə) və 1 saat (ikinci mərhələdə) müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;

14.5. imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

14.6. başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;

14.7. nəzarətçiyə və ya digər şəxslərə tapşırıqların həllində kömək üçün müraciət etmək;

14.8. cavab kartını və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

15. Bakalavrın yuxarıda göstərilən hərəkətlərə yol verməsi halları Mərkəz tərəfindən aşkar edildikdə onun müsabiqə nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.


Hörmətli bakalavrlar!

Qəbul imtahanında iştirak etmək üçün yerinə yetiriləcək prosedurların xronoloji ardıcıllığı, qəbul imtahanının məzmunu, forması, imtahan günləri və ayrılan vaxt, sualların sayı və müsabiqə şərtləri haqqında sizdə əyani və aydın təsəvvür yaratmaq üçün elana əlavə olaraq aşağıdakı cədvəlləri təqdim edirik.

Cədvəl 1

İmtahanın mərhələləri və onlara ayrılan vaxt

Bakalavrın yerinə yetirdiyi işlər və onların vaxtı

Yoxlanılan keyfiyyət

Test tapşırıqlarının sayı

I mərhələ (bakalavrın ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil üzrə biliklərinin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 2 saat 30 dəqiqə)

Elektron ərizənin doldurulub təsdiq edilməsi

(02 - 12.02.2018)

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

(21 - 24.02.2018)

Qəbul imtahanı (25.02.2018)

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

50 (o cümlədən
açıq formalı 5)

 

İnformatika üzrə biliklər

25 (o cümlədən
açıq formalı 5)

 

Xarici dili bilmə səviyyəsi

25 (o cümlədən
açıq formalı 5)

 

II mərhələ

(ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) (imtahana ayrılan vaxt 1 saat 30 dəqiqə)

Qəbul proqramının seçimi və təsdiq edilməsi

(07 - 17.05.2018)

İmtahana buraxılış vərəqəsinin çap edilməsi

(30.05 - 02.06.2018)

Qəbul imtahanı (03.06.2018)

İxtisas üzrə biliklər

50*(o cümlədən
açıq formalı 5)

 

Müsabiqə şərtləri                                                                              Cədvəl 2

Magistratura üzrə ixtisaslar qrupunun (ixtisasın) adı**

I mərhələnin nəticəsinə qoyulan minimal tələblər***

II mərhələnin nəticəsinə qoyulan minimal tələblər

Ümumi bala qoyulan minimal tələblər

Fənlər üzrə minimal tələb

I mərhələ üzrə minimal bal

Dövlət sifarişli yerlər üçün

Ödənişli yerlər üçün

Dövlət sifarişli yerlər üçün

Ödənişli yerlər üçün

Fənnin adı

Minimal bal

Təhsil ixtisasları qrupu

Texniki və texnoloji ixtisaslar qrupu

Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa)

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

15

40 bal

25 bal

20 bal

65 bal

60 bal

İnformatika

5

Xarici dil

5

Humanitar və sosial ixtisaslar qrupu

 

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

15

50 bal

25 bal

20 bal

75 bal

70 bal

İnformatika

5

Xarici dil

5

Təbiət ixtisasları qrupu

İqtisadiyyat və idarəetmə ixtisasları qrupu

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

15

45 bal

25 bal

20 bal

70 bal

65 bal

İnformatika

5

Xarici dil

5

Mədəniyyət və incəsənət ixtisasları qrupu

Kənd təsərrüfatı ixtisasları qrupu

Xüsusi təyinatlı ixtisaslar qrupu

Bədən tərbiyəsi və idman ixtisası

Ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsi

10

30 bal

20 bal

15 bal

50 bal

45 bal

İnformatika

5

Xarici dil

5

 

*    Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test imtahanı əvəzinə yazılı imtahan, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər (“Magistr” jurnalının 2018‑cı il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcəkdir).

** Bax: http://e-qanun.az/framework/21781

***Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə ─ 15-dən az olmamalıdır.