Ali təhsil müəssisələrinə ixtisas seçimi

  "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası

Abituriyentlər ixtisas seçimi mərhələsində qəbul olmaq istədikləri ixtisasların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiqləməlidirlər.

İxtisas seçmək hüququna yalnız test imtahanında iştirak etmiş və imtahan nəticələri müsabiqə şərtlərini tam  ödəyən abituriyentlər malikdirlər.

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi” ilə işləmək üçün abituriyent:  

1.   Məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə 1000-9999 intervalında olan ixtiyari 4 rəqəmli təhlükəsizlik şifrəsi müəyyənləşdirir. Bu şifrə abituriyentin öz elektron ixtisas seçimi ərizəsinə hər dəfə daxil olub işləmək istədiyi halda proqram tərəfindən soruşulacaq. Abituriyent şifrəni unutmamalı və məxfi saxlamalıdır.

2.   www.dim.gov.az internet saytında yerləşdirilmiş ixtisas seçiminə aid linkə (və ya  
www.eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanına) daxil olur.

3.   Şəxsi kabinetinin istifadəçi adı və parolunu açılmış səhifədə müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır.

4.   Şəxsi kabinetinin istifadəçi adı və parolu düzgün daxil edildiyi halda ekranda “Şifrəni daxil edin” və “Şifrəni təkrar daxil edin” sahələri açılır. Abituriyent bu sahələrə 4 rəqəmli təhlükəsizlik şifrəsini daxil edir və “Növbəti” düyməsini basır. “Növbəti” düyməsi basıldıqdan sonra ekranda abituriyentin test imtahanlarında əldə etdiyi nəticələr öz əksini tapır. I-IV ixtisas qruplarından iki müxtəlif ixtisas qrupu üzrə imtahan verən abituriyent müvafiq müsabiqə şərtlərini ödədiyi halda, hər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilər. Bu halda o, “Davam et” düyməsini basmaqla növbəti addıma keçir. Eyni ixtisas qrupu (I-IV qruplardan biri) üzrə iki dəfə imtahan verən abituriyent isə bu ixtisas qrupu üzrə müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini seçir və “Davam et” düyməsini basır. 

5.   Növbəti addımda abituriyentin iş nömrəsi, soyadı, adı, atasının adı, bölməsi, ixtisas qrupu, imtahan verdiyi fənlər, imtahan nəticələri əks olunan yeni səhifə açılır. Bu səhifəyə ixtisas kodlarını daxil etmək üçün nəzərdə tutulmuş 15 boş sahə və hər sahənin qarşısında müvafiq ixtisasın dövlət sifarışı və ya ödənişli əsaslarla olmasını qeyd etmək üçün qeyd sahəsi yerləşdirilmişdir.

6.   Qəbul olmaq istədiyi 15-dək ixtisasın kodunu istəyinə uyğun ardıcıllıqla müvafiq sahələrə daxil edir. Abituriyent ixtisas kodunu daxil etdikdən sonra onun dövlət sifarışı və ya ödənişli əsaslarla olmasını mütləq qeyd etməlidir. Əgər daxil edilmiş ixtisas kodunun qarşısında dövlət sifarışı və ya ödənişli əsaslarla olması barədə qeyd olmazsa, məlumatlar yadda saxlanılmır. İxtisas kodu iki dəfə daxil edilə bilər. Lakin kodların qarşısındakı qeydlər (dövlət sifarışı və ya ödənişli əsaslarla) mütləq fərqli olmalıdır. Əks halda bu kodların ikincisi səhv kod kimi qəbul olunacaq və ərizəni təsdiqləmək mümkün olmayacaq.

7.   İxtisas kodlarını daxil etdikdən sonra "Yadda saxla" düyməsini basır. İxtisas kodu düzgün daxil edilibsə, kodun qarşısında ona uyğun olan təhsil müəssisəsinin və  ixtisasın adı,  təhsil forması və ixtisasın dövlət hesablı və ya ödənişli olması barədə məlumat proqram tərəfindən göstərilir. Səhv olan ixtisas kodunun qarşısına proqram səhvin mahiyyəti barədə məlumat çıxarır.

8.   "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləyənədək öz ərizəsinə təkrar müraciət etməklə seçdiyi ixtisasların siyahısında dəyişikliklər apara bilər.

9.   Seçimini dəqiqləşdirdikdən sonra "Təsdiq et" düyməsini basmaqla elektron ərizəni təsdiqləyir. "Təsdiq et" düyməsi basıldıqda proqram abituriyentə bundan sonra düzəliş aparmağa imkan verilməyəcəyi barədə xəbərdarlıq edir və seçim üçün “Təsdiq”“İmtina” düymələrindən birini basmağı təklif edir. Abituriyent “İmtina”  düyməsini basmaqla təsdiqdən imtina edib elektron ərizədə yenidən düzəliş apara bilər. Əgər abituriyent “Təsdiq” düyməsini basarsa, elektron ərizə təsdiqlənir və bundan sonra elektron ərizədə düzəliş etməyə imkan verilmir.

10. Abituriyent “Çap variantı” düyməsindən istifadə etməklə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin surətini çap edir.

 

DİQQƏT!  

Müsabiqəyə yalnız iyulun 30-dan avqustun 13-dək elektron ixtisas seçimi ərizələrini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.