"BAKALAVRIN ELEKTRON ƏRİZƏSİ" FORMASININ
DOLDURULMA QAYDASI

 

Bakalavr elektron ərizə formasını aşağıdakı qaydada doldurur:

1-ci bənddə bakalavrın şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar təsvir olunur. Bu bənddə bakalavr heç bir əməliyyat aparmır;

2-ci bənddə bakalavrın “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqə təsvir olunur. Bu bənddə bakalavr heç bir əməliyyat aparmır. Bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın ərizəsinin bu bəndində göstərdiyi faktiki yaşadığı məntəqəyə görə təyin edilir;

3.1-ci bənddə bakalavr özünün e-mail ünvanını daxil edir (bu ünvandan bakalavr iş nömrəsini, şifrini unutduqda və digər zəruri hallarda onunla əlaqə saxlamaq üçün istifadə olunacaqdır);

3.2-ci bənddə əlaqə telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini müvafiq sahəyə daxil edir;

3.3-cü bənddə bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi təhsil müəssisəsinin (orta ixtisas təhsili müəssisəsinin) adını siyahıdan seçir və həmin təhsil müəssisəsini bitirdiyi ili müvafiq sahəyə daxil edir;

4.1-ci bənddə bakalavr ali təhsil müəssisəsinə qəbul olduqdan sonra soyadında, adında və ya atasının adında dəyişiklik olubsa, əvvəlki soyadını (adını və ya atasının adını) müvafiq sahələrə daxil edir. Soyad, ad, ata adı mütləq latın qrafikalı Azərbaycan əlifbasından istifadə olunmaqla daxil edilməlidir;

4.2-ci bənddə bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisəsinə qəbul olduğu ili daxil edir;

4.3-cü bənddə bakalavriat səviyyəsinə qəbul olmaq üçün doldurduğu "Abituriyentin ərizəsi"nin nömrəsini daxil edir;

4.4-cü bənddə bakalavriat səviyyəsi üzrə bitirdiyi ali təhsil müəssisəsinin adını siyahıdan seçir, bu ali təhsil müəssisəsini bitirdiyi ili müvafiq sahəyə daxil edir;

4.5-ci bənddə bakalavr diplomunun seriyasını siyahıdan seçir, diplomun nömrəsini müvafiq sahəyə daxil edir (bu bənd cari ilin məzunlarına aid deyil);

4.6-cı bənddə ali təhsil müəssisəsini 2011/2012-ci və ondan sonrakı tədris illərində bitirən bakalavr bakalavriat səviyyəsi üzrə bitirdiyi ixtisasın şifrini müvafiq sahəyə daxil edir, ali təhsil müəssisəsini əvvəlki illərdə bitirən bakalavr bakalavriat səviyyəsi üzrə bitirdiyi ixtisasın şifrini siyahıdan seçir və ixtisasın kodunu müvafiq sahəyə daxil edir;

4.7-ci bənddə müvafiq dairəni seçməklə diplom üzrə ümumi orta müvəffəqiyyət göstəricisinin (ÜOMG) 5 və ya 100 ballıq şkala üzrə olduğunu qeyd edir və müvafiq hissədə ÜOMG-ni daxil edir. Bu göstərici məlum olmadıqda, bu hissə doldurulmur;

4.8-ci bənddə bakalavriat səviyyəsini fərqlənmə diplomu ilə başa vurubsa, müvafiq sahəni qeyd edir;

5.1-ci bənddə bakalavr magistratura səviyyəsində təhsil alıb-almaması barədə (təhsil alıbsa, aldığı təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması haqqında) müvafiq məlumatı qeyd edir;

5.2-ci bənddə bakalavr magistratura səviyyəsində təhsil aldığı təhsil müəssisəsini siyahıdan seçir və həmin səviyyəni bitirdiyi (və ya bitirəcəyi) ili daxil edir;

6.1-ci bənddə ixtisaslaşma dilini ixtisaslaşma seçimi mərhələsində magistratura səviyyəsinin 060102 (xarici dil və ədəbiyyat müəllimliyi), 060103 (xarici dil müəllimliyi), 060201 (filologiya (xarici dil və ədəbiyyat)) və 060203 (tərcümə) ixtisaslarına aid ixtisaslaşmaları seçmək istəyən bakalavrlar mütləq siyahıdan seçirlər. Digər ixtisaslaşmaları seçmək istəyən bakalavrlar bu bənddə heç bir əməliyyat aparmırlar;

6.2-ci bənddə bakalavr imtahan verəcəyi dilə (Azərbaycan və ya rus) uyğun dairəni seçir;

6.3-cü bənddə imtahanın birinci mərhələsində imtahan vermək istədiyi xarici dili siyahıdan seçir (Diqqət! Qəbul haqqında elanın 3.2, 3.2.1, 3.2.2, 3.2.3 və 3.3 bəndlərinə baxın).